DANİEL
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Daniel» Kitabı yəhudi xalqının Babil və Fars imperatorluqlarının hakimiyyəti altında olduğu dövrdən bəhs edir.
Kitab iki əsas hissəyə bölünür. İlk hissədə Daniel və onunla birgə əsir olan üç gənc yoldaşının hekayəti nəql edilir. Onlar Allaha etibar edib itaətli olmaqla düşmənlərinə qalib gəlir. İkinci hissədə isə Danielin görüntüləri təsvir olunur. Rəmzlər şəklində Babildən başlayaraq bir neçə imperatorluğun uğuru və süqutu, zülmkarın məhv olması və Allah xalqının qələbəsi barədə danışılır.
Kitabın məzmunu:
1:1–6:28 Daniel və onun yoldaşları
7:1–12:13 Danielin görüntüləri
7:1-28 Dörd heyvan
8:1–9:27 Qoç və təkə
10:1–11:45 Səmavi mələk
12:1-13 Axır zaman
1
Daniel və onun yoldaşları Babil sarayında
1 * 2Pad. 24:1; 2Saln. 36:5-7 Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı. 2 * 2Pad. 20:17-18; 24:10-16; 2Saln. 36:10; Yeş. 39:7-8 Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu.
3 Padşah hərəmağalar rəisi Aşpenaza əmr etdi ki, padşah nəslindən və zadəganlardan olan İsraillilərin arasından 4 bədənlərində qüsur olmayan, yaraşıqlı, hər elmdən xəbərdar, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə layiq olan cavanlar seçərək onlara Xaldeylilərin dilini və ədəbiyyatını öyrətsin. 5 Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi ki, üç il onlara tərbiyə versinlər, sonra isə padşahın xidmətinə gətirsinlər. 6 Onların arasında Yəhuda nəslindən olan Daniel, Xananya, Mişael və Azarya var idi. 7 Hərəmağalar rəisi onlara yeni ad qoydu: Danieli Belteşassar, Xananyanı Şadrak, Mişaeli Meşak və Azaryanı Aved-Neqo adlandırdı.
8 Daniel qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəmağalar rəisinə müraciət etdi. 9 Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı. 10 Hərəmağalar rəisi Danielə dedi: «Sizin yeyib-içməyinizi təyin edən ağam padşahdan qorxuram. Nə üçün o sizin simanızı həmyaşıdınız olan cavanların simasından solğun görsün? Siz bununla padşahın yanında həyatımı təhlükə altına qoyursunuz». 11 Daniel hərəmağalar rəisinin özü, Xananya, Mişael və Azaryanın üzərinə qoyduğu məmura dedi: 12 «Gəl qullarını on gün ərzində yoxla. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər. 13 Sonra isə sənin hüzurunda həm bizim üzümüzə, həm də padşah yeməklərindən yeyən cavanların üzünə baxsınlar. Bunu görəndən sonra qullarınla necə istəyərsən, elə də rəftar edərsən». 14 Məmur bu məsələdə cavanların sözünə qulaq asdı və onları on gün yoxladı. 15 On gün sonra onların siması padşah yeməklərindən yeyən başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idi. 16 Onda məmur cavanların yeməyini və içəcəkləri şərabı götürüb onlara göyərti verdi.
17 Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı.
18 Onların gətirilməsi üçün padşahın əmr etdiyi gün çatanda hərəmağalar rəisi onları Navuxodonosorun hüzuruna gətirdi. 19 Padşah onlarla danışdı və hamının arasında Daniel, Xananya, Mişael və Azarya kimisi tapılmadı. Onlar padşahın hüzurunda xidmətə qoyuldu. 20 Padşah onlardan hər cür elm və bilik barədə soruşanda gördü ki, bunlar ölkəsindəki sehrbazların və ruhçağıranların hamısından on qat üstündür. 21 Daniel padşah Kirin hökmranlığının birinci ilinə qədər orada qaldı.